ABŞ-ın nüfuzlu «The New York Times» qəzeti mayın 6-da dərc olunmuş redaksiya məqaləsində belə yazır. Məqalə «Birinci ledi və həbsdəki jurnalist» adlanır.
«Bu gecə buraya yığışmışınız, xahiş edirəm, mənim işimi, cəsarətimi tərifləməyin, özünüzü hər birinizin mətbuat azadlığı və ədalət naminə görə biləcəyi işə həsr edin», – Xədicə yazırdı.
«TİTULU GERİ ALIN»
Məqalədə qeyd olunur ki, jurnalisti mükafatlandıran UNESCO simvolik bir addım atmaqla onun çağırışını yerinə yetirə bilər. «2004-cü ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri elan olunub, UNESCO ideallarını adları, şöhrətləri ilə təbliğ edən bir qrup tanınmışın siyahısına salıb. Ancaq xanım Əliyeva UNESCO-nun ideallarını, o cümlədən informasiya azadlığını irəli aparmaqdan çox, qurumun adını batırır. Bu titul geri alınmalıdır», – qəzet yazır.
Məqalədə Xədicənin prezident İlham Əliyev və ailəsinin gizli maliyyə holdinqlərini aşkarladığına görə 7 il yarımlıq həbs cəzası aldığı qeyd olunur. «Panama Sənədləri» jurnalistin araşdırmalarının dəqiqliyini ortaya qoydu. Qəzet yazır ki, Xədicə hökumətin təqiblərinə, şantajlarına boyun əymədi və həbsdən də hökumətin ifşasını davam etdirir.
«Vəkil Amal Clooney İsmayılovanın işini Avropa İnsan Haqları Məhkəməsində müdafiə edəcək. Bu arada beynəlxalq liderlər də Azərbaycanı jurnalisti və digər siyasi məhbusları buraxmağa çağırmalıdır», – yazıda vurğulanır.